ADAMLAR DÜNYANI SALDI GÖZÜMDƏN
Dünya gözəl idi üzünə qalsa,
Dünya nağıl idi sözünə qalsa,
Onunla dost idim, düzünə qalsa,
Adamlar dünyanı saldı gözümdən.
Yalan başa keçdi, düz düzdə qaldı,
Su dibə çəkildi, lim üzdə qaldı.
Yaxşı nə gördümsə o üzdə qaldı,
Adamlar dünyanı saldı gözümdən.
Hər şeyin yaxşısın bilirdim onda,
Ağrıya, acıya gülürdüm onda,
Ölürdüm, dərdindən ölürdüm onda,
Adamlar dünyanı saldı gözümdən.


