SEVƏNLƏR GÜNÜ
Bu gün
14 fevral,
sevənlər günü…
Nə görüşünə gələcəyəm,
nə sevəcəyəm səni.
Gül gətirməyəcəyəm sənə,
üstündə göz yaşı var
güllərin.
Bilirəm pəncərənin o üzündə dayanmısan,
qoynunda çarpazdı
qolların.
Silmə
həsrətinin hənirinnən
tərləmiş pəncərəni,
gözləmə,
bağrına qar ələnib yolların.
Sevənləri öldürüb,
sevgi gününə tələsdi adamlar.
Qırmızı yalanlarla aldatdı
bir- birini sevənlər.
Mənsə al rəngli yalanla
oyatmaq
oynatmaq istəmirəm qəlbini,
istəmirəm, canım.
İstəsən günü sabah
sənə qanadı qırılmış quş rəsmi gətirərəm,
ya bir başı kəsilmiş bayraq.
Mən belə gördüm sevgiləri,
bələyində güllələnmiş.
Ya bir cüt qərənfil gətirim,
üstünə qan çilənmiş?!



